Kapital Bank-ın Müşahidə Şurasının qərarı ilə bankın rəhbər heyətində yeni təyinat baş tutub. Qərara əsasən, Calal Orucov Kapital Bank-ın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. O, yeni fəaliyyəti çərçivəsində bankın ödənişlər biznesinə və “PashaPay” sisteminə rəhbərlik edəcək.
Qeyd edək ki, Calal Orucov Azərbaycanın maliyyə-bank sektorunda zəngin təcrübəyə malik peşəkarlardan biridir. O, karyerası ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, “MilliKart” prosessinq mərkəzinin Baş icraçı direktoru, həmçinin “Unibank” və “Azərbaycan Beynəlxalq Bankı”nda Texnologiyalar üzrə Baş direktor vəzifələrində çalışıb.
Bundan əlavə, C. Orucov “PAŞA Bank”da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Hazırda “PAŞA Kapital”da Müşahidə Şurasının üzvü olan Calal Orucovun bu təyinatı, Kapital Bank-ın ödəniş sistemləri və rəqəmsal maliyyə xidmətləri sahəsindəki strateji hədəflərinin gücləndirilməsinə xidmət edəcək.

