Günel Mavlyarova PAŞA Bankın Marketinq Direktoru vəzifəsinə təyin olunub.
GDP xəbər verir ki, Marketinq və kommunikasiya sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malik olan Mavliyarova bu təyinata qədər Kapital Bank ASC və onun ekosistemində müxtəlif strateji vəzifələrdə çalışıb.
O, son olaraq Birbank ekosistemində Marketinq üzrə Müşavir (Ecosystem Marketing Adviser) kimi fəaliyyət göstərib. Bu rolda o, rəqəmsal məhsulların bazarda mövqeləndirilməsi, istifadəçi mərkəzli marketinq yanaşmalarının tətbiqi və ekosistem brendləri üzrə koordinasiyalı kommunikasiya strategiyalarının qurulması ilə məşğul olub.
Günel Mavlyarova həmçinin Kapital Bankın Marketinq Ekspert Mərkəzinə (Marketing CoE) rəhbərlik edib. Onun rəhbərliyi ilə data əsaslı marketinq strategiyaları formalaşdırılıb, rəqəmsal satış kanallarında konversiya göstəriciləri 45 faizə yüksəlib, marketinqin səmərəliliyini artırmaq üçün analitik alətlər tətbiq olunub. Həmçinin bir neçə brend arxitekturası layihəsinə rəhbərlik edib və mobil bank tətbiqinin 3 milyondan çox istifadəçiyə çatmasına töhfə verib.
Günel Mavlyarova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcəsi alıb. 2017-ci ildə ADA Universiteti və Maastricht School of Business-in birgə Executive MBA proqramını bitirib. Karyerasına “Azpetrol”da başlayan Mavliyarova daha sonra “Embawood” şirkətində PR və reklam sahəsində rəhbər vəzifədə çalışıb, burada 10-dan çox ölkədə brendin mövqeləndirilməsinə töhfə verib.

