2025-ci ildə “Kapital Bank” ASC-nin maliyyə nəticələrinin 2024-cü illə müqayisəsi göstərir ki, bank mənfəətliliyi ciddi şəkildə artırsa da, bu artım balans strukturunda yenidənqurma, maliyyələşmə xərcinin bahalaşması və depozit bazasında korporativ seqmentin zəifləməsi kimi paralel tendensiyalar fonunda formalaşıb. “Kapital Bank” ASC-nin xalis mənfəəti 2024-də 186 milyon 501 min manat olduğu halda, 2025-də 315 milyon 13 min manata yüksələrək, 128 milyon 512 min manatvə ya 68.91% artıb. Bu 68.91% artım bankın gəlir yaratma qabiliyyətinin gücləndiyini göstərsə də, eyni zamanda maliyyələşmə dəyəri və əməliyyat xərclərinin sürətli artması fonunda əldə olunub; yəni mənfəət “rahat” mühitin yox, daha bahalı resurs və daha böyük xərclər şəraitində artıb.
“Kapital Bank” ASC-nin 2025-ci il ərzində formalaşan balansının aktivlərlə bağlı bölməsinə nəzər saldıqda görünür ki, cəmi aktivlər 2025-ci ilin sonunda 11 milyard 320 milyon 937 min manat olub, 2024-cü ilin 11 milyard 372 milyon 270 min manatı ilə müqayisədə 51 milyon 333 min manat azalıb və bu dəyişiklik 0.45% səviyyəsində eniş deməkdir. Ümumi aktiv məbləğinin bu cüzi azalması 0.45% olsa da, bankın “ölçü” baxımından stabil qaldığını göstərir; əsas məsələ aktivlərin daxilində vəsaitlərin hansı alətlərdən çıxarılıb hansına yönəldilməsidir. Yəni bank eyni seqmentdə qalmağa yaxın olsa da, aktivlərin “işləmə mexanizmi” dəyişib: bəzi daha sabit və portfel tipli alətlər kiçildilib, əvəzində kreditləşmə və banklararası yerləşdirmələr artırılıb ki, bu da bankın gəlir və likvidlik strategiyasını daha aktiv formata keçirdiyini göstərir.
“Kapital Bank” ASC tərəfindən hesabat dövründə həyata keçirilən bu struktur dəyişikliyi likvidlik blokunda da görünür. Nağd pul vəsaitləri və ekvivalentləri 2024-də 2 milyard 716 milyon 709 min manat olduğu halda, 2025-də 2 milyard 627 milyon 481 min manata enib, nəticədə 89 milyon 228 min manat azalıb və azalma 3.28% təşkil edib. Nağd və ekvivalentlərdəki bu 3.28% enişi 2 səbəblə izah etmək olar: ya bank nağd “yastığı”nın bir hissəsini daha gəlirli alətlərə yönəldib, ya da öhdəliklərdəki dəyişiklikləri (xüsusən depozitlərdəki axınları) idarə etmək üçün müəyyən dövrdə nağd mövqedən istifadə edib. Burada diqqəti cəlb edən məqam odur ki, nağd vəsaitlərin azalması kəskin deyil; 3.28% bankın likvidliyi riskli həddə azaltmadığını, sadəcə onu daha çevik idarə etdiyini göstərir.
“Kapital Bank” ASC-nin aktivlərn strukturunda ötən il reallaşdırdığı bu “yenidənqurma”nın ən aydın nümunəsi ticarət və investisiya qiymətli kağızları və əks-repo əməliyyatlarının göstəricilərində bariz şəkildə özünü göstərir : bu blok 2024-də 3 milyard 110 milyon 743 min manat olduğu halda, 2025-də 2 milyard 570 milyon 865 min manata düşüb, nəticədə 539 milyon 878 min manat azalıb və azalmanın həcmi 17.36% olub. Bu 17.36% geriləmə bankın balansda “qiymətli kağızlar + repo” portfelinin planlı şəkildə kiçiltdiyini göstərir. Belə addımın arxasında adətən bir neçə motiv dayanır: portfelin risk–gəlir optimizasiyası (daha yüksək marja verən istiqamətlərə keçid), bazar faizlərinin dəyişməsi fonunda həmin alətlərin cəlbediciliyinin yenidən qiymətləndirilməsi, həmçinin likvidlik idarəçiliyində daha çevik yerləşdirmələrə üstünlük verilməsi. Yəni bank eyni ölçü ətrafında qalaraq aktivlərin “tərkibini” yeniləyib: qiymətli kağızlar blokunu azaldıb, başqa kanalları artırıb.
Bu “başqa kanallar”ın ən çox diqqəti cəlb edəni banklararası yerləşdirmələrdir. Banklar və digər maliyyə institutlarındakı depozitlər 2024-də cəmi 40 milyon 952 min manat olduğu halda, 2025-də 384 milyon 637 min manata yüksəlib və 343 milyon 685 min manat artıb; artım tempi 839.24% təşkil edib. 839.24% artım çox böyük görünsə də, bunun bir səbəbi 2024 bazasının çox kiçik olmasıdır, amma iqtisadi məzmun dəyişmir: bank 2025-də banklararası depozit yerləşdirmələrini kəskin artırıb. Bu qədər güclü artımı 2 səbəblə izah etmək olar: birincisi, bank likvid vəsaitin bir hissəsini nağd saxlamadan, faiz gətirən qısa və müəyyən müddətli banklararası depozitlərə çevirib; ikincisi, bank balansdakı yerləşdirmə strukturunu daha “faiz qazanan” formatda quraraq gəlirliliyi artırmağa çalışıb. Eyni xəttin davamı kimi banklara və digər maliyyə institutlarına verilən kreditlər də 2024-də 24 milyon 556 min manat olduğu halda, 2025-də 34 milyon 804 min manata qalxıb, yəni 10 milyon 248 min manat artıb və artım 41.73% olub. Bu 41.73% artım banklararası bazarda daha aktiv mövqeyin göstəricisidir; belə alətlər bəzən həm likvidlik, həm də qısamüddətli gəlirlilik baxımından çevik hesab olunur.
Müştəri kreditləşməsi 2025-ci il ərzində “Kapital Bank” ASC-nin əsas gəlir mənbəyi olduğundan burada artımın davam etməsi gözləniləndir. Müştərilərə verilmiş kreditlər 2024-də 5 milyard 211 milyon 207 min manatolub, 2025-də isə bu göstərici 5 milyard 419 milyon 985 min manata yüksələrək 208 milyon 778 min manat və ya 4.01% artıb. Bu 4.01% artım “orta sürətli” böyüməyə işarə edir, lakin daxili struktur artımın haradan gəldiyini daha aydın göstərir: artımın əsas yükü pərakəndə seqmentdədir. Belə ki, istehlak kreditləri 2 milyard 939 milyon 440 min manatdan 3 milyard 135 milyon 750 min manata qalxıb, 196 milyon 310 min manat artıb və artım 6.68% olub. Biznes kreditləri 1 milyard 666 milyon 458 min manatdan 1 milyard 693 milyon 248 min manata yüksəlib, 26 milyon 790 min manat artıb və artım 1.61% təşkil edib. Daşınmaz əmlak kreditləri isə 605 milyon 309 min manatdan 590 milyon 987 min manata enib, 14 milyon 322 min manat və ya 2.37% azalıb. Bu rəqəmlər bankın 2025-də daha çox istehlak kreditləri portfelini artırdığını 6.68%-lik artım göstəricisi ilə sübut edir. “Kapital Bank” ASC-nin biznes kreditləri portfelində olan artım daha ölçülüdür və 1.61% təşkil edir; daşınmaz əmlak/ipoteka xəttində isə 2.37% azalma ilə bank tərəfində bu istiqamətdə ehtiyatlı mövqe seçildiyi görünür. İstehlak kreditlərinin digər kredit növlərinə nisbətən daha sürətli yəni 6.68% artmasını pərakəndə tələbin nisbətən yüksək qalması, rəqəmsal satış kanallarının genişlənməsi və pərakəndə kreditlərin daha yüksək marjalı olması ilə əlaqələndirmək olar. Daşınmaz əmlak kreditlərinin 2.37%azalması isə uzunmüddətli risklər, bu seqmentin likvidlik çevikliyinin zəifliyi və “Kapital Bank” ASC-nin daha konservativ risk siyasəti ilə izah oluna bilər.
“Kapital Bank” ASC-nin 2025-ci il ərzində kreditlərin artdığı yerdə risk idarəçiliyinin necə getdiyi də əsas məqam kimi qiymətləndirlə bilər. Kreditlər üzrə məqsədli ehtiyat 2024-də 590 milyon 952 min manat olduğu halda, 2025-də 654 milyon 903 min manata yüksəlib və 63 milyon 951 min manat və ya 10.82% artıb. Ehtiyatın 10.82% yüksəlməsi bankın portfelini böyütdükcə risk “yastığının” da həcmini artırdığını göstərir: bu ya portfelin strukturunda daha riskli seqmentlərin çəkisinin artması, ya da risk qiymətləndirmə yanaşmasının daha konservativ qurulması ilə bağlı ola bilər.
Nəticədə “Kapital Bank”ın xalis kredit portfeli 2024-də 4 milyard 620 milyon 255 min manatolduğu halda 2025-də 4 milyard 765 milyon 83 min manata yüksəlib, 144 milyon 828 min manat və ya 3.13% artıb. Burada məntiq aydındır: Müştərilərə verilmiş kreditlər 4.01% artsa da, ehtiyatlar 10.82% daha sürətlə artdığı üçün xalis artım 3.13% səviyyəsində bir qədər “yumşalır” və bu, kredit böyüməsinin risk nəzarətindən kənarda buraxılmadığını göstərən siqnal kimi görünür
“Kapital Bank”ın 2025-ci il maliyyə hesabatında aktivlərdə investisiya göstəriciləri də artıb. Əmlak və avadanlıqlar 2024-də 91 milyon 763 min manat olduğu halda 2025-də 170 milyon 934 min manata qalxıb, artım 79 milyon 171 min manat və ya 86.28% təşkil edib. Qeyri-maddi aktivlər isə 35 milyon 702 min manatdan 42 milyon 137 min manata yüksələrək, 6 milyon 435 min manat və ya 18.02% artıb. Əmlak və avadanlıqlarda 86.28% kəskin artım adətən şəbəkə genişlənməsi, filial infrastrukturu, avadanlıq yenilənməsi və əməliyyat platformalarının gücləndirilməsi ilə; qeyri-maddi aktivlərdə 18.02% artım isə IT sistemləri, proqram təminatı və rəqəmsal modernləşmə ilə izah olunur. Digər tərəfdən “Kapital Bank”ın 2025-ci il ərzində balansının köməkçi maddələrində yüngülləşmə var: digər aktivlər 2024-də 535 milyon 879 min manat təşkil etdiyi halda 2025-də bu göstərici 472 milyon 86 min manata düşərək, 63 milyon 793 min manat və ya 11.91% azalıb. Bu 11.91% eniş çox vaxt alacaqların yığılması, müvəqqəti aktivlərin bağlanması və “digər” kateqoriyasında olan maddələrin optimallaşdırılması ilə əlaqələnir.
“Kapital Bank”ın 2025-ci il maliyyə hesabatında öhdəlikləri ilə bağlı resurs bazasında ən kritik dəyişiklik depozitlərdədir. Cəmi öhdəliklər 2024-də 10 milyard 444 milyon 327 min manat olub, 2025-ci ildə isə bu göstərici 10 milyard 142 milyon 599 min manata enərək, 301 milyon 728 min manat və ya 2.89% azalıb. Bu 2.89% enişin mərkəzində depozit bazasının kiçilməsi dayanır. Depozitlər (cəmi) 2024-də 8 milyard 978 milyon 335 min manat olduğu halda 2025-də 8 milyard 288 milyon 654 min manata düşüb, 689 milyon 681 min manat və ya 7.68% azalma deməkdir. Depozitlər ümumi olaraq 7.68% azalsa da, daxilində struktur tam dəyişib: belə ki, fiziki şəxslərin depozitləri 2 milyard 594 milyon 191 min manatdan 3 milyard 136 milyon 824 min manata yüksəlib, 542 milyon 633 min manat və ya 20.92% artıb. Hüquqi şəxslərin depozitləri isə 6 milyard 384 milyon 144 min manatdan 5 milyard 151 milyon 830 min manata düşərək, 1 milyard 232 milyon 314 min manat və ya 19.30% azalıb. Yəni bank 2025-də pərakəndə depozit bazasını 20.92% böyütsə də, korporativ depozitlərdə 19.30% ciddi geriçəkilmə yaşanıb və bu, ümumi depozit portfelini 7.68%aşağı çəkib.
“Kapital Bank”ın 2025-ci il maliyyə göstəricilərində müşahidə edilən korporativ seqmentdəki 19.30% azalma bir neçə real ssenari ilə izah oluna bilər: iri korporativ müştərilərin bankdan konsentrasiyalı çıxışı, bazarda alternativ qısamüddətli alətlərə (məsələn, daha rəqabətli faiz təklif edən digər banklar və ya pul bazarı alətləri) yönəlmə, müəssisələrin pul dövriyyəsində mövsümü amil, böyük layihə ödənişləri və ya dövlət/korporativ kassa axınlarının ilin sonunda dəyişməsi. Digər tərəfdən pərakəndə seqmnetdə 20.92% artım bankın brend gücü, geniş şəbəkə, rəqəmsal kanalların rahatlığı, maaş layihələri və kütləvi müştəri bazasının daha stabil davranışı ilə izah oluna bilər. Pərakəndə depozit daha “dağınıq” və adətən daha dayanıqlı olduğu üçün “Kapital Bank”ın 2025-ci ildə resurs stabilizasiyasını burada gücləndirib.
Korporativ depozit portfelinin azalması fonunda “Kapital Bank” maliyyələşməni digər kanallarla tamamlayır və bu, digər maliyyə institutları qarşısında öhdəliklərin göstərisində açıq görünür: 2024-də 598 milyon 966 min manat olan bu göstərici 2025-də 962 milyon 736 min manata qalxıb, 363 milyon 770 min manat və ya 60.73% artıb. Bu 60.73% yüksəliş bankın korporativ depozit boşluğunu qismən banklararası və institusional maliyyələşmə ilə əvəzləndirdiyini göstərir; bu resurs adətən daha bahalı olur və sonradan faiz xərclərinin sürətli artımına da təzyiq yaradır. Eyni zamanda bank kapitala yaxın və bazar tipli borclanma alətlərini də böyüdüb: subordinasiya borc öhdəlikləri 263 milyon 500 min manatdan 306 milyon manata yüksəlib, 42 milyon 500 min manat və ya 16.13% artıb. “Kapital Bank”ın 2025-ci il maliyyə hesabatında borc qiymətli kağızları isə 100 milyon manatdan 110 milyon manata qalxıb, 10 milyon manat və ya 10.0% artıb. Bu artımlar “Kapital Bank”ın 2025-ci il ərzində resurs diversifikasiyası etdiyini, yəni yalnız depozitə söykənməyib alternatif maliyyələşmə xətti yaratdığını göstərir. Mənfəət artımı fonunda cari vergi öhdəlikləri 16 milyon 269 min manatdan 36 milyon 597 min manata qalxaraq 20 milyon 328 min manat və ya 124.95% artıb. Bu 124.95%-lik artım vergi hesablaşmalarının və mənfəət həcminin artımı ilə izah oluna bilər.
“Kapital Bank”ın kapitalı (cəmi) 2024-də 927 milyon 943 min manat təşkil etsə də, 2025-də 1 milyard 178 milyon 338 min manata yüksəlib, 250 milyon 395 min manat və ya 26.98% artıb. Kapital artımının əsas yükü bölüşdürülməmiş mənfəət və ehtiyatlar üzərindədir: bölüşdürülməmiş mənfəət 599 milyon 314 min manatdan 820 milyon 327 min manata qalxıb, 221 milyon 13 min manat və ya 36.88% artıb.
“Kapital Bank”ın ümumi ehtiyatları 61 milyon 979 min manatdan 91 milyon 361 min manata yüksəlib, 29 milyon 382 min manat və ya 47.41% artıb. Kapital dəyişmələri cədvəli bu mexanizmi birbaşa göstərir: 2025 üzrə cari ilin xalis mənfəəti 315 milyon 13 min manat kapitala əlavə olunub, eyni zamanda dividend 94 milyon manat elan edilib və ya ödənilib, nəticədə bölüşdürülməmiş mənfəət 820 milyon 327 min manata çatıb. Bankın tənzimləyici mövqeyi də komfort zonada saxlanılıb. Belə ki, “Kapital Bank”ın 2025-ci il ərzində I dərəcəli kapital adekvatlığı 9.86%, məcmu kapital adekvatlığı 14.14%, leverec əmsalı 6.62% səviyyəsində olub. Bu göstəricilərin normativlərdən yuxarı qalması bankın kapital yastığının güclü olduğunu, şoklara qarşı tampon yaratdığını və böyümə imkanını qoruduğunun göstəricidir.
“Kapital Bank”ın 2025-ci il maliyyə hesabatında faiz gəlirlərində ciddi sıçrayış müşahidə edilir. Faiz gəlirləri 850 milyon 258 min manatdan 1 milyard 180 milyon 81 min manata qalxıb, 329 milyon 823 min manat və ya 38.79% artıb. Artımın əsas drayveri müştəri kreditləri üzrə faiz gəlirləridir: 702 milyon 132 min manatdan 950 milyon 972 min manata yüksəlib, 248 milyon 840 min manat və ya 35.44% artıb. Bu 35.44% artım həm kredit portfelinin genişlənməsi, həm də kreditlərin qiymətlənməsindəki dəyişikliklərlə bağlı ola bilər. Digər mühüm artırıcı təsir göstərən amil qiymətli kağızlar üzrə faiz gəlirləridir: 85 milyon 178 min manatdan 186 milyon 978 min manata qalxıb, 101 milyon 800 min manat və ya 119.4% səviyyəsində artıb. Bu qədər kəskin yüksəliş 119.4% təxmini portfel həcmi, struktur və ya həmin alətlər üzrə gəlirlilikdə ciddi dəyişiklik ehtimalını artırır. Bunun əksinə olaraq banklarda depozitlər üzrə faiz gəliri 34 milyon 374 min manatdan 18 milyon 121 min manata düşüb, 16 milyon 253 min manat və ya 47.28% azalma olub ki, bu eniş “Kapital Bank”ın banklarda saxlanılan depozitlərinin gəlirliliyinin zəifləməsi və ya strukturun banklararası başqa alətlərə dəyişməsi ilə izah oluna bilər.
“Kapital Bank”ın 2025-ci il maliyyə hesabatında gəlirlərinin bu qədər artması fonunda maliyyələşməsinin bahalaşması daha sərt görünür. Faiz xərcləri 229 milyon 273 min manatdan 368 milyon 365 min manata qalxıb, 139 milyon 92 min manat və ya 60.67% artıb. Artımın əsas kanalı depozitlər üzrə faizlərdir: 166 milyon 327 min manatdan 258 milyon 473 min manata yüksəlib, 92 milyon 146 min manat artıb və artım 55.40% təşkil edib. Burada həm bazarda depozit faizlərinin bahalaşması, həm də fiziki şəxslərin depozitlərinin 20.92% artması ilə həcmin böyüməsi eyni anda təsir edib.
“Kapital Bank”ın 2025-ci il maliyyə hesabatında digər kanal cəlb edilmiş kreditlər və depozitlər üzrə faiz xərcləridir: 33 milyon 559 min manatdan 51 milyon 643 min manata qalxıb, 18 milyon 84 min manat və ya 53.89% artıb; bu 53.89% yüksəliş digər maliyyə institutları qarşısında öhdəliklərin 60.73% artması izah oluna bilər. Üstəlik, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 0-dan 21 milyon 644 min manata yüksəlib; 2024-də baza olmadığı üçün faizlə müqayisə edilmir, amma 2025-də yeni xərc kimi maliyyələşmə xəttinin bahalaşmasını gücləndirir. Bu şəraitdə xalis faiz gəliri 613 milyon 32 min manatdan 801 milyon 210 min manata yüksəlib, 188 milyon 178 min manat və ya 30.70% artım olub. Burada əsas nəticə ondan ibarətdir ki, faiz xərcləri 60.67% kimi daha sürətli artsa da, bank faiz gəlirlərini 38.79% artırmaqla xalis faiz gəlirini 30.70%səviyyəsində böyütməyi bacarıb; yəni marja təzyiqi var, amma həcm və qiymət təsiri nəticəni müsbət saxlayıb.
“Kapital Bank”ın 2025-ci il maliyyə hesabatından məlum olub ki, bankın qeyri-faiz xəttində də artım davam edib. Qeyri-faiz gəlirləri 624 milyon 651 min manatdan 701 milyon 592 min manata qalxıb, 76 milyon 941 min manat və ya 12.32% artıb. Bu artımın əsas mənbəyi haqq və komissiya gəlirləridir: 562 milyon 524 min manatdan 638 milyon 327 min manata yüksəlib, 75 milyon 803 min manat artıb və artım 13.48% təşkil edib. 13.48% artım kart və ödəniş ekosistemi, köçürmələr, POS və ekvayrinq, xidmət haqları kimi komissiya kanallarının genişlənməsi ilə izah oluna bilər. Valyuta gəliri isə 51 milyon 805 min manatdan 49 milyon 648 min manata düşüb, 2 milyon 157 min manat azalıb və azalma 4.16% olub; bu 4.16% eniş valyuta əməliyyatlarında marjanın daralması və ya əməliyyat həcmlərinin dəyişməsi ilə bağlı ola bilər.
Eyni zamanda “Kapital Bank”ın 2025-ci ildə xərclərinin daha sürətli böyüməsi 2025 nəticələrində əsas izlənməli xətt olaraq qalır. Qeyri-faiz xərcləri 817 milyon 256 min manatdan 987 milyon 12 min manata qalxıb, 169 milyon 756 min manat və ya 20.77% artıb. “Kapital Bank”ın 2025-ci ildə əmək haqqı və kompensasiya xərcləri 256 milyon 3 min manatdan 304 milyon 824 min manata yüksəlib, 48 milyon 821 min manat və ya 19.07% artıb. Bu 19.07% artım həm əmək bazarındakı bahalaşma, həm də miqyas genişlənməsi ilə bağlı ola bilər. Ümumi və inzibati xərclər 81 milyon 31 min manatdan 92 milyon 80 min manata qalxıb, 11 milyon 49 min manat və ya 13.64% artıb. “Kapital Bank”ın 2025-ci ildə amortizasiya xərcləri 43 milyon 231 min manatdan 55 milyon 637 min manata yüksəlib, 12 milyon 406 min manat və ya 28.70% artıb; bu 28.70% artımın arxasında əmlak və avadanlıqlarda 86.28% və qeyri-maddi aktivlərdə 18.02% artımın yaratdığı “təbii” amortizasiya yükü dayanır.
Bankın digər xərcləri 2024-cü ildə olan 437 milyon səviyyəsindən ötən il ərzində 534 milyon səviyyəsinə yüksələrək 97 milyon 480 min manat və ya 22.31% artıb. Bu 22.31% artım adətən IT xidmətləri, kənardan alınan xidmətlər (outsourcing), əməliyyat dəstəyi, marketinq və müxtəlif xidmət xərclərinin genişlənməsi ilə əlaqələndirilə bilər. Nəticədə gəlirlər artsa da, xərclərin 20.77% daha sürətli böyüməsi səmərəlilik faktorunu daha da aktual edir.
Risk xərci xəttində isə ikili mesaj var. “Kapital Bank” ASC-nin mənfəət və zərər hesabatında məqsədli ehtiyatlar xətti 159 milyon 119 min manatdan 114 milyon 596 min manata düşüb, 44 milyon 523 min manat və ya 27.98% azalıb. “Kapital Bank” ASC üçün bu 27.98% eniş 2025-də cari dövr üzrə tanınan ehtiyat xərclərinin 2024-ə nisbətən daha aşağı olduğunu göstərir və mənfəət artımına ciddi dəstək verir. Lakin “Kapital Bank” ASC-nin balansında ehtiyatların 10.82% artması onu göstərir ki, bank ümumi ehtiyat səviyyəsini artırıb; yəni risk idarəçiliyi boşaldılmayıb, sadəcə 2025-də P&L-də ehtiyat dinamikası 2024-lə müqayisədə daha yüngül keçib. Bu fonun yekunu kimi “Kapital Bank” ASC-də vergidən əvvəl mənfəət 261 milyon 307 min manatdan 401 milyon 195 min manata qalxıb, 139 milyon 888 min manat və ya 53.53% artıb, xalis mənfəət isə 128 milyon 512 min manat artımla 68.91% yüksəlib.
Bankın 2025-ci il maliyyə hesabatında “Kapital Bank” pul vəsaitlərinin hərəkətində xüsusilə kəskin dönüşün olduğu müşahidə edilir. “Kapital Bank” ASC-də əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaiti 1 milyard 759 milyon 37 min manatdan mənfi 53 milyon 452 min manata dəyişib və ümumi dəyişmə mənfi 1 milyard 812 milyon 489 min manat olub. Bu o deməkdir ki, bankın əsas fəaliyyətindən (kredit vermək, depozit cəlb etmək, komissiya toplamaq, gündəlik əməliyyatlar) yaranan xalis nağd pul axını 2024-də müsbət 1 milyard 759 milyon 37 min manat ikən, 2025-də mənfi 53 milyon 452 min manat olub. Yəni 2025-ci ildə bankın gündəlik əməliyyatları nağd pul gətirməyib, əksinə nağd pul “yeyib”.
2025-ci ilin maliyyə hesabatından görünür ki, “Kapital Bank” ASC-də bu pisləşmənin əsas səbəbi əməliyyat öhdəliklərindəki dönüşdür: 2024-də əməliyyat öhdəliklərinin dəyişməsi 2 milyard 587 milyon 448 min manat olduğu halda, 2025-də mənfi 427 milyon 682 min manat olub. Burada depozitlərin xalis azalması xüsusi rol oynayır və “Kapital Bank” ASC-də müştəri depozitləri və cari hesablar üzrə dəyişmə mənfi 689 milyon 680 min manat təşkil edir; yəni depozitlərin 7.68%azalması pul vəsaitlərinin hərəkətini ləngidən əsas amildir.
Bununla belə, 2025-ci ildə “Kapital Bank” ASC-də investisiya fəaliyyəti üzrə xalis pul 94 milyon 632 min manatdan 197 milyon 404 min manata yüksəlib, 102 milyon 772 min manat və ya 108.60% artıb. Maraqlı məqam ondan ibarətdir ki, “Kapital Bank” ASC-də əsas vəsait və qeyri-maddi aktivlərə xərclər artsa da, qiymətli kağız əməliyyatları üzrə daxilolmalar da yüksəlib: əmlak-avadanlıq alınması mənfi 45 milyon 287 min manatdan mənfi 109 milyon 909 min manata dəyişib, amma qiymətli kağız əməliyyatları üzrə daxilolmalar 218 milyon 222 min manatdan 386 milyon 384 min manata yüksəlib. “Kapital Bank” ASC-də maliyyələşdirmə fəaliyyəti üzrə xalis pul isə mənfi 158 milyon 502 min manatdan mənfi 41 milyon 500 min manata qədər yaxşılaşıb; burada subordinasiya cəlbi, borc qiymətli kağızları və dividend ödənişinin azalması təsir göstərir və dividend ödənişi 158 milyon 502 min manatdan 94 milyon manata enib.
Nəticədə “Kapital Bank” ASC-də dövrün sonunda pul vəsaitləri və ekvivalentləri 1 milyard 527 milyon 882 min manatdan 1 milyard 368 milyon 777 min manata düşüb, 159 milyon 105 min manatvə ya 10.41% azalıb. “Kapital Bank” ASC üçün bu 10.41% eniş bankın korporativ depozitlərdə 19.30% çıxışları idarə etməsi, eyni zamanda aktivlərin strukturunu yeniləməsi fonunda nağd balansının dəyişməsi ilə nəticələndiyi müşahidə edilir.
Risk və keyfiyyət baxımından “Kapital Bank” ASC-nin kredit portfelində vaxtı keçmiş kreditlərin payı 2.92% kimi göstərilir; vaxtı keçmiş kreditlər 158 milyon 173 min manat, cəmi kredit portfeli 5 milyard 419 milyon 985 min manatdır. “Kapital Bank” ASC üçün bu 2.92% göstərici portfel keyfiyyətinə nəzarətin qorunduğunu göstərsə də, ehtiyatların 10.82% artması bankın risklərə daha konservativ yanaşdığını da təsdiqləyir: yəni gecikmə indikatoru nəzarətdə qalsa belə, ehtiyat siyasəti sərtləşdirilərək mümkün risklər qabaqlanır.
Beləliklə, yekun qiymətləndirmədə 2025-ci il “Kapital Bank” ASC üçün mənfəətliliyin kəskin yüksəldiyi il olub: xalis mənfəət 128 milyon 512 min manat artaraq 68.91% yüksəlib və 315 milyon 13 min manata çatıb. Artımın əsas mənbələri “Kapital Bank” ASC-də xalis faiz gəlirinin 188 milyon 178 min manat və ya 30.70% artması və komissiya gəlirlərinin 75 milyon 803 min manat və ya 13.48% böyüməsidir. Bununla belə, “Kapital Bank” ASC-nin üzərində iki əsas təzyiq xətti açıq görünür: maliyyələşmə dəyərinin bahalaşması fonunda faiz xərclərinin 139 milyon 92 min manat və ya 60.67% artması və əməliyyat xərclərinin sürətli artımı nəticəsində qeyri-faiz xərclərinin 169 milyon 756 min manat və ya 20.77% böyüməsi. Balans tərəfdə “Kapital Bank” ASC pərakəndə depozitləri 542 milyon 633 min manat və ya 20.92% artırsa da, hüquqi şəxslərin depozitlərində 1 milyard 232 milyon 314 min manat və ya 19.30% azalma baş verdiyi üçün ümumi depozit portfeli 689 milyon 681 min manat və ya 7.68% kiçilib. Bu boşluğun bir hissəsi “Kapital Bank” ASC-də maliyyə institutları qarşısında öhdəliklərin 363 milyon 770 min manat və ya 60.73% artması, subordinasiya borcun 42 milyon 500 min manat və ya 16.13% böyüməsi və borc qiymətli kağızlarının 10 milyon manat və ya 10.0% artırılması ilə kompensasiya olunub. Nəticə etibarilə “Kapital Bank” ASC-də kapital 250 milyon 395 min manat və ya 26.98% artaraq 1 milyard 178 milyon 338 min manata çatıb, adekvatlıq göstəriciləri isə 9.86%, 14.14% və 6.62% səviyyələrində normativlərdən yuxarı qalıb. Bu, “Kapital Bank” ASC-nin dayanıqlılığını artırır, amma 2025-in rəqəmləri göstərir ki, növbəti dövrdə korporativ depozit bazasının stabilləşdirilməsi, maliyyələşmə dəyərinin idarə olunması və xərclərin səmərəlilik nəzarəti “Kapital Bank” ASC üçün strateji prioritet kimi qalacaq.
Müəllif: Aynur Qəniyeva

