Kaspersky mütəxəssisləri “Telegram” hesablarını hədəf alan yeni kütləvi oğurluq sxemini aşkarlayıb. Hücumçular messencerin daxilində yerləşən tətbiqlər və sosial mühəndislik vasitəsilə istifadəçilərin təsdiq kodlarını ələ keçirirlər.
GDP şirkətə istinadla xəbər verir ki, sxem belə işləyir: qrup iştirakçılarından biri “çat köçürülür” adı ilə link paylaşır. Linkə klikləyən istifadəçi beş rəqəmli kodu daxil etməyə məcbur edilir. Bu kod hesabı yeni cihazda aktivləşdirmək üçündür. Kod daxil edildikdən sonra hücumçular istifadəçinin hesabına daxil olur və eyni mesajı digər qruplarda paylaşırlar. Sonradan hesabdan istifadəçini bloklamaq da mümkündür.
Kaspersky təhlükəsizlik üzrə mütəxəssisi Sergey Qolovanov bildirir ki, istifadəçilər şübhəli linklərə klikləməməli və təsdiq kodunu heç bir yerdə daxil etməməlidirlər. Azərbaycandakı nümayəndə Müşviq Məmmədov əlavə edib ki, kod yalnız rəsmi giriş prosesində istifadə edilməlidir və rəqəmsal gigiyena qaydalarına riayət etmək əsas müdafiədir.
Hesabınıza nəzarəti bərpa etmək üçün “Parametrlər” – “Məxfilik” – “Aktiv sessiyalar” bölməsindən “Bütün digər sessiyaları bitir” funksiyasından istifadə etmək mümkündür.

