Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bildirib ki, 2024-cü ildə kiçik və orta biznes sektorunda əhəmiyyətli artım qeydə alınıb.
GDP xəbər verir ki,sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı əvvəlki illə müqayisədə 14%-ə yaxın artıb.
KOB subyektlərinin dövriyyəsi isə 2023-cü illə müqayisədə 10%-ə yaxın artaraq 48 milyard manatdan çox olub. Bu göstəricilər KOB-ların yaradılan imkanlardan səmərəli istifadə edərək davamlı inkişaf etdiyini və iqtisadiyyatda payının yüksəldiyini göstərir.
KOBİA-dan verilən məlumata görə, sahibkarlığın inkişafı sahəsində ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək tədbirləri və təşviqlər öz müsbət nəticəsini verir. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə etdiyinin göstəricisidir.
Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.