İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün geniş dəstək mexanizmləri təqdim olunur
GDP xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən şəxslər üçün dövlət dəstəyi tədbirləri davam etdirilir. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bölgədəki xidmət şəbəkəsi vasitəsilə sahibkarlara müxtəlif istiqamətlərdə peşəkar xidmətlər təqdim edir.
KOBİA-nın regional xidmət məntəqələrinə müraciət edən sahibkarlar regionun iqtisadi potensialı və investisiya imkanları haqqında ətraflı məlumat ala, dövlət tərəfindən tətbiq edilən vergi azadolmaları və digər güzəşt mexanizmləri barədə məlumatlandırıla bilərlər. Bundan əlavə, agentlik biznesə başlamaq istəyənlər üçün peşəkar məsləhət xidmətləri göstərir, dövlət qurumları ilə əlaqələrin koordinasiyasını təmin edir və sahibkarların hüquqlarının müdafiəsi istiqamətində dəstək verir.
Hazırda KOBİA-nın xidmət infrastrukturu Laçın şəhərində (Heydər Əliyev küçəsi, giriş 172), Zəngilan rayonunun Ağalı kəndindəki Dövlət Xidmətləri Mərkəzində, Kəlbəcər və Füzuli şəhərlərindəki DOST mərkəzlərində, eləcə də Şuşa şəhərində fəaliyyət göstərən “Şuşa KOB evi”ndə sahibkarların sərəncamındadır. Biznes nümayəndələri azad edilmiş ərazilərin iqtisadi dirçəlişində iştirak etmək və təqdim olunan dövlət dəstəyi mexanizmlərindən yararlanmaq üçün bu mərkəzlərə müraciət etməyə dəvət olunurlar.

