Türkiyədə milli valyuta – lirənin sürətlə dəyər itirməsi və fond bazarındakı eniş fonunda vətəndaşlar kütləvi şəkildə qızıl almağa başlayıblar.
GDP xəbər verir ki, bu hadisə Prezident Rəcəb Tayyib Ərdoğanın “iki gün sonra nəsə möhtəşəm bir şey baş verəcək” bəyanatından dərhal sonra yaşanıb. Onun çıxışından sonra lirə ABŞ dollarına qarşı 22 kuruş ucuzlaşıb, İstanbul Fond Birjasının əsas indeksi BIST100 aylıq minimum səviyyəyə düşüb.
Valyutadakı dalğalanmalardan narahat olan türklər isə sərvətlərini qorumaq üçün kütləvi şəkildə qızıl almağa başlayıblar. Ölkənin müxtəlif şəhərlərində zərgərlik mağazalarına böyük axın müşahidə olunur, bəzi yerlərdə qızıl satışı rekord həddə çatıb.
Ekspertlər bildirirlər ki, Türkiyədə qızıl ənənəvi olaraq iqtisadi qeyri-sabitlik dövrlərində əsas sərmayə aləti kimi qəbul edilir. Son hadisələr fonunda bu tendensiyanın daha da güclənəcəyi gözlənilir.
Mütəxəssislər həmçinin bildirirlər ki, Türkiyə bazarlarında baş verən dəyişikliklər yaxın günlərdə yeni iqtisadi qərarların qəbul edilməsinə gətirib çıxara bilər.