Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş Direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMMA) rəhbərliyi, ona üzv olan və digər bank olmayan kredit təşkilatlarının (BOKT) rəhbər heyəti ilə görüş keçirib.
GDP xəbər verir ki, görüşdə cari ilin doqquz ayı üzrə BOKT-lərin fəaliyyətinin maliyyə nəticələri, requlyativ çərçivənin təkmilləşdirilməsi və sektorun sağlamlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Müzakirələr zamanı maliyyələşmə imkanlarının genişləndirilməsi, dövlət fondları ilə əməkdaşlıq, təşkilatların regionlarda, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət perspektivləri, qanunvericiliyin tələbləri və digər aktual mövzular ətraflı şəkildə müzakirə edilib.
Mərkəzi Bankın nümayəndələri tərəfindən BOKT-lərin institusional gücləndirilməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi və dayanaqlılığının təmin olunması çərçivəsində növbəti dövrdə həyata keçiriləcək tədbirlər barədə də məlumat təqdim edilib.
Görüş sektorun problemlərinin həllində tərəflərin birgə fəaliyyətini gücləndirmək, habelə mikromaliyyə və kiçik biznesin maliyyələşdirilməsi istiqamətində effektiv mexanizmlərin formalaşdırılması məqsədi daşıyır.







