Mərkəzi Bank və UnionPay arasında əməkdaşlığa dair memorandum imzalanıb
GDP xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Çinin UnionPay ödəniş sistemi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov və UnionPay-in sədri Van Lis iştirak edib.
Tərəflər ödəniş kartlarının emissiyası, eləcə də QR kod texnologiyaları üzrə qarşılıqlı əlaqəliliyin gücləndirilməsi və bu sahədə birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Görüş zamanı kart infrastrukturunun inkişafı və rəqəmsal ödəniş həllərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşün yekununda tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılmasını, institusional əlaqələrin möhkəmləndirilməsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Sənədə əsasən, UnionPay kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi istiqamətində qarşılıqlı fəaliyyət genişləndiriləcək.
Eyni zamanda memorandum çərçivəsində nağdsız ödənişlərin inkişafı, yerli kart sahibləri üçün daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin təqdim edilməsi, kart əsaslı yeni məhsul və xidmətlərin istifadəyə verilməsi, eləcə də nağdsız iqtisadiyyata keçidi dəstəkləyən texniki mexanizmlərin müəyyənləşdirilməsi planlaşdırılır.






