Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfəri çərçivəsində Koreya Maliyyə Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşüb.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki, görüşdə hər iki ölkənin maliyyə sektorunun vəziyyəti, aparılan islahatlar və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə təcrübə və məlumat mübadiləsi aparıblar.
Görüşün əsas mövzularından biri də Azərbaycan Mərkəzi Bankı ilə Koreya Maliyyə Nəzarət Xidməti arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər olub. Tərəflər bu sahədə qarşılıqlı əlaqələri genişləndirmək və təcrübə mübadiləsini daha da dərinləşdirmək istəyini bildiriblər.
Bu səfər və yüksək səviyyəli görüşlər, Azərbaycanın beynəlxalq maliyyə sahəsində əməkdaşlığını gücləndirməsi baxımından əhəmiyyətli addım hesab olunur.


