Azərbaycan Respublikası Mərkəzi Bankı əlverişli xarici sektor göstəriciləri fonunda valyuta bazarındakı sabitliyi qorumağa davam edir.
GDP xəbər verir ki, Bank tərəfindən təşkil edilən valyuta hərraclarında tələb tam şəkildə təmin olunur.
Mərkəzi Bank, əvvəlcədən açıqlanan plana uyğun olaraq, 2023-cü ildə daxili bazardan aldığı xarici valyuta hesabına birdəfəlik dövlət xərclərini qarşılamaq üçün 2024-cü ilin noyabr ayında da planlı valyuta satışını davam etdirib.
2024-cü ilin noyabr ayının sonuna Bankın valyuta ehtiyatları 10.9 milyard ABŞ dolları təşkil edib. Bu göstərici beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Qeyd olunub ki, Mərkəzi Bankın mövcud valyuta ehtiyatları səviyyəsi ölkənin 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur.
Mərkəzi Bankın bu siyasəti valyuta bazarında sabitliyi təmin etməklə yanaşı, ölkənin makroiqtisadi göstəricilərinin dayanıqlığını dəstəkləməyə davam edir.