Azərbaycan Mərkəzi Bankının COP29 Maliyyə Günü çərçivəsində iki tematik tədbir təşkil etməyi planlaşdırdığını qürurla vurğulamaq istərdim.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov Toronto Mərkəzinə müsahibəsində deyib.
O qeyd edib ki, ilk tədbir iqlim tədbirlərinin maliyyələşdirilməsinin genişləndirilməsinə həsr olunacaq. Bu tədbirdə beynəlxalq maliyyə qurumları, dövlət və özəl sektor təmsilçiləri iştirak edəcək. Tədbirin əsas məqsədi Paris Sazişinin hədəflərinə uyğun olaraq iqlim maliyyəsinin genişləndirilməsidir.
Mərkəzi Bank rəhbəri bildirib ki, Azərbaycan bank sektoru 2030-cu ilə qədər ölkədə yaşıl keçid layihələrini dəstəkləmək üçün əhəmiyyətli maliyyə resursları ayırmağı planlaşdırır. Bu addım bank sektorunun bərpa olunan enerji, davamlı infrastruktur və digər yaşıl təşəbbüslərin maliyyələşdirilməsinə olan dəstəyini nümayiş etdirəcək.
İkinci tədbir Azərbaycanın Milli Yaşıl Taksonomiyası ilə bağlı olacaq. Taleh Kazımovun sözlərinə görə, Mərkəzi Bank Dünya Bankının texniki dəstəyi ilə artıq Yaşıl Taksonomiya layihəsini hazırlayıb və ictimai müzakirəyə təqdim edib. Layihə yaxın zamanda hökumətə təsdiq üçün təqdim olunacaq.
Bundan əlavə, COP29 çərçivəsində qlobal Taksonomiya Uyğunlaşdırma Təşəbbüsünün elan edilməsi planlaşdırılır. Bu mövzu COP tarixində ilk dəfə müzakirəyə çıxarılacaq.