Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri barədə ətraflı müzakirələr aparılıb. Tərəflər pul siyasəti məsələlərini, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi yollarını, həmçinin bu sektorun inkişaf potensialını müzakirə ediblər.
Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanları, Asiya İnkişaf Bankının ölkənin maliyyə sektorunda iştirak perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.
Qeyd edək ki, AİB Asiya-Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrinə maliyyə dəstəyi göstərən beynəlxalq maliyyə təşkilatıdır.