Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu daxilində qalıb.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4.4% təşkil edib.
Ərzaq malları üzrə illik qiymət artımı 4.4%, qeyri-ərzaq malları üzrə 2.2%, xidmətlər üzrə isə 6% olub. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri kimi qeyd edilib.
İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, qlobal əmtəə qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.7% artıb. Bundan əlavə, manatın nominal effektiv məzənnəsinin 2024-cü ilin ilk 11 ayında 7.1% möhkəmlənməsi idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.