Azərbaycan Mərkəzi Bankı ictimaiyyəti makroiqtisadi, monetar, maliyyə və digər sahələr üzrə statistik məlumatlarla operativ təmin etmək məqsədilə yeni “İnteraktiv Statistik Məlumat Bazası” (Naviqasiya) sistemini istifadəyə verib. Sistem Azərbaycan və İngilis dillərində, müasir interfeysdə hazırlanaraq daxili və xarici istifadəçilər üçün əlçatanlıq təmin edir.
Məlumat bazasında ana səhifə ilə yanaşı, 5 əsas bölmə yer alır: Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası.
Hər bir bölmədə məlumatlar vizual lövhələr, dinamik qrafiklər və interaktiv cədvəllər şəklində təqdim olunur. Xüsusi olaraq, ana səhifədə yerləşən “Dinamik xəritə” bölməsi istifadəçilərə ölkə üzrə şəhər və rayonların maliyyə göstəricilərini təhlil etməyə imkan verir.
Mərkəzi Bank qeyd edir ki, bu platforma tədqiqat işləri, proqnozlaşdırma, analitik hesabatların hazırlanması kimi sahələr üçün əsas məlumat mənbəyi rolunu oynayacaq. Gələcəkdə sistemin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
“Naviqasiya” sisteminə Mərkəzi Bankın rəsmi vebsaytı vasitəsilə, “Statistika” bölməsindən daxil olmaq mümkündür. Layihənin ictimai şəffaflığı və məlumat açıqlığına dəstək məqsədilə hazırlandığı vurğulanır.