Azərbaycan Mərkəzi Bankı avqustun 1-dən başlayaraq banklar və digər kredit təşkilatları üçün 3 illik yeni maliyyə proqramına start verir.
GDP xəbər verir ki,proqram çərçivəsində kredit təşkilatları xarici maliyyə bazarlarından cəlb etdikləri vəsaitləri manata çevirdikdən sonra AMB-nin hedcinq aləti ilə valyuta riskindən qorunacaqlar.
Bu vəsaitlər yalnız kiçik və orta biznesə, ailə təsərrüfatlarına və fərdi sahibkarlara kredit və lizinq kimi veriləcək.
AMB-nin məlumatına görə, proqram həm də may ayından başlayaraq artıq verilmiş kreditləri də əhatə edəcək. Bu halda banklardan mövcud hedcinq müqavilələrini ləğv edib yeni sistemə keçid tələb olunur. Əldə edilən qənaətin yarısı isə mütləq müştərilər üçün kredit şərtlərinin yaxşılaşdırılmasına yönəldiləcək.
Mərkəzi Bank qeyd edir ki, Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya səviyyəsinə yüksəldilməsi yerli bankların xarici bazarlarda borclanma imkanlarını genişləndirib.
Yeni mexanizm nəticəsində kredit təşkilatlarının maliyyə cəlb etmə imkanları artacaq və kreditlərin maya dəyəri azalacaq.