Mərkəzi Bank rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi istiqamətində növbəti addım atıb. Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (GFIN) müşahidəçi statusunda üzv qəbul edilib.
Üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin müxtəlif təşəbbüslərində iştirak etmək və aparıcı qlobal tənzimləyicilərlə, innovatorlarla əməkdaşlıq qurmaq imkanı əldə edəcək. Bu əməkdaşlıq ölkənin maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına və maliyyə bazarlarının dayanıqlılığının artırılmasına töhfə verəcək.
Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və fintek sahəsində fəaliyyət göstərən qurumları birləşdirən beynəlxalq təşkilatdır. Şəbəkə maliyyə texnologiyaları sahəsində innovasiyaların təşviqi və inkişafı istiqamətində fəaliyyət göstərir.