2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ilkin gəlirlər balansında 1.1 milyard ABŞ dolları həcmində kəsir qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.3 faiz azalma deməkdir.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə neft-qaz sektoru üzrə 1.4 milyard dollar məbləğində kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.3 milyard dollar həcmində profisit müşahidə olunub. İlkin gəlirlər üzrə ümumi dövriyyə isə 3.8 milyard dollar təşkil edib.
Nəsirov bildirib ki, bu dövriyyənin 64.2 faizi və ya 2.4 milyard dolları Azərbaycandan qeyri-rezidentlərə edilən ödənişlərin payına düşüb. Bu ödənişlərin əsas hissəsini – 1.6 milyard dollar – xarici investorların payına düşən gəlirlərin repatriasiyası təşkil edib. Onlardan 1.5 milyard dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində həyata keçirilib.
Bundan əlavə, qeyri-rezidentlərə qiymətli kağızlar portfeli üzrə ödənilən faizlər 126.4 milyon dollar, xarici kreditlər üzrə faiz ödənişləri 245.5 milyon dollar, digər ödənişlər isə 426.0 milyon dollar olub.
Qeyd olunub ki, digər ödənişlərin böyük hissəsi – 301.5 milyon dollar – Azərbaycanda əldə olunan gəlirlərin ölkə daxilində yenidən investisiya olunması ilə bağlıdır. Bu məbləğ birbaşa xarici investisiyalar maddəsində də nəzərə alınıb.