Azərbaycan Respublikasının Mərkəzi Bankı Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı təsdiq edib.
GDP xəbər verir ki, bu Konsepsiya maliyyə sektorunda beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və sistem riskinin minimallaşdırılmasına xidmət edəcək.
Yeni Konsepsiya çərçivəsində ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlı nəzarət yanaşması tətbiq ediləcək. Bu sistem maliyyə qurumlarının fəaliyyətində risklərin erkən aşkarlanması və qiymətləndirilməsi, həmçinin risklərə uyğun preventiv nəzarət rejiminin tətbiqini nəzərdə tutur.
Sənəddə risk əsaslı nəzarətin təşkilati strukturu və Nəzarət Komitəsinin funksiyaları da müəyyənləşdirilib. Komitə nəzarət təlimatlarının təsdiqi, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi və illik nəzarət planlarının hazırlanması kimi məsələlərlə məşğul olacaq.
Konsepsiya Mərkəzi Bankın 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi strateji hədəflərin reallaşmasına da dəstək verəcək. Bu hədəflərə “Bazel III”, “Solvency II” və “IOSCO” kimi beynəlxalq standartların tətbiqi, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi daxildir.
Qeyd edilib ki, yeni Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşdirilməsi ilə müşayiət olunacaq.
Konsepsiya sənədi ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası