Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin ilk altı ayı ərzində açıq bazar əməliyyatları çərçivəsində sterilizasiya məqsədilə 66 not hərracı keçirib.
GDP AMB-in nəşr etdiyi “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, ümumilikdə dövrdə müxtəlif müddətli notların yerləşdirilməsi üzrə təşkil edilən hərraclardan 17-si 28 günlük (1 aylıq), 16-sı 84 günlük (3 aylıq), 17-si 168 günlük (6 aylıq), 16-sı isə 252 günlük (9 aylıq) notlar üzrə baş tutub.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin iyun ayının sonuna olan məlumata görə, notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin ümumi qalığı 599.3 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 2.9 dəfə artımı əks etdirir.
Son hərraclarda formalaşan gəlirlilik səviyyələri müddətlər üzrə fərqlənib: 28 günlük notlar üzrə gəlirlilik 7.24%, 84 günlük notlar üzrə 7.54%, 168 günlük notlar üzrə 7.50%, 252 günlük notlar üzrə isə 7.56% olub. Not hərracları Mərkəzi Bankın pul kütləsinin idarə edilməsi və inflyasiya təzyiqinin yumşaldılması üçün əsas vasitələrindən biri olaraq qalmaqda davam edir.