Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində fəaliyyətini davam etdirərək, Dünya Bankı ilə əməkdaşlıq nəticəsində “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi”ni təsdiqləyib.
GDP xəbər verir ki, 2024-2029-cu illəri əhatə edən bu sənəd, “SupTech” (Nəzarət Texnologiyaları) sahəsində strateji çərçivəni müəyyənləşdirir və Mərkəzi Bankın bu istiqamətdə planlaşdırdığı layihə və təşəbbüsləri özündə birləşdirir.
“SupTech” alətlərinin tətbiqi ilə Mərkəzi Bank maliyyə nəzarəti proseslərinin səmərəliliyini artırmağı, hesabatlılıq keyfiyyətini yüksəltməyi və maliyyə sisteminin dayanıqlılığını gücləndirməyi hədəfləyir.
Yol Xəritəsi, “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun olaraq, xüsusilə iki əsas istiqamətə fokuslanır:
- Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi
- Nəzarət informasiya sisteminin yaradılması və tətbiqi
Bu təşəbbüs “Maliyyə sektorunun modernizasiyası 3” layihəsi çərçivəsində həyata keçirilir və maliyyə sektorunda texnoloji innovasiyaların tətbiqinə əhəmiyyətli töhfə verəcəkdir.