Mərkəzi Bankın məlumatına görə, cari ilin ötən dövründə valyuta bazarında, həm nağd, həm də qeyri-nağd seqmentlərində ümumi təklif tələbi üstələmişdir.
GDP-nin xəbərinə görə, Mərkəzi Bankın yaydığı press-relizdə qeyd olunur ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 1,5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29,3%-ə enib. Bu, məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə, tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2,3 milyard ABŞ dolları, yaxud ÜDM-in 6,3%-i səviyyəsində müsbət saldo qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yeddi ayında xarici ticarət balansının müsbət saldosu 1,6 milyard ABŞ dolları təşkil edib.
Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu isə dəyişməz qalır.