Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib.
GDP xəbər verir ki, bu, iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üçün bir təsnifat sistemidir.
Əsasən maliyyə institutları tərəfindən istifadə üçün nəzərdə tutulan Yaşıl Taksonomiya, özəl sektorun biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi kimi istiqamətlərdə istifadə edilə bilər.
Bu addım Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim risklərinin tənzimlənməsinə və aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı imkanlardan istifadəyə xidmət edəcək. Həmçinin ixracatçı müəssisələrin dəstəklənməsində də mühüm rol oynayacaq.
Yaşıl Taksonomiya Mərkəzi Bankın təşəbbüsü və dövlət qurumlarının iştirakı ilə Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri də nəzərə alınıb.
Bu addım Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına və maliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfə verəcək.