Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov Pekində keçirilən Sibos 2024 beynəlxalq maliyyə forumunda iştirak edib və P.I.T. Podcast çərçivəsində ölkənin maliyyə sisteminin modernləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.
GDP xəbər verir ki. Xəlilov bu barədə bildirib ki, müzakirələr zamanı Mərkəzi Bankın ödəniş sistemlərinin modernləşdirilməsi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və süni intellektin tətbiqi sahəsində həyata keçirdiyi layihələr diqqət mərkəzində olub.
Baş direktor xüsusilə vurğulayıb ki, Azərbaycan G20-nin transsərhəd ödənişlər sahəsində müəyyən etdiyi yüksək standartlara uyğunlaşmağı hədəfləyir. Bu, beynəlxalq maliyyə əməkdaşlığının gücləndirilməsi və innovasiyaların təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, Xəlilov COP29-un Bakıda keçiriləcəyini xüsusi qeyd edib və bu tədbirin Azərbaycanın dayanıqlı və inklüziv maliyyə artımına olan sadiqliyini nümayiş etdirmək üçün əlavə platforma olacağını bildirib.
Forum çərçivəsində Azərbaycan təmsilçisi qlobal maliyyə liderləri ilə rəqəmsal ödənişlər, transsərhəd əməkdaşlıq və inklüziv bank xidmətlərinin inkişafı məsələlərini müzakirə edib. Xəlilov bu müzakirələrin Azərbaycanın beynəlxalq maliyyə ictimaiyyətindəki mövqeyinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.