Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital İnvestisiya Şirkətinin Direktoru Tofiq Həsənov GDP.az-a verdiyi eksklüziv müsahibədə kriptobrokerlik xidmətinin detalları barədə ətraflı məlumat verib. O bildirib ki,əsasən, bu xidmət ilkin mərhələdə məhdud sayda müştəri üçün, 8 əsas kriptovalyuta aləti üzrə təqdim olunur.
“Hazırda biz dünyada ilk üçlükdə yer alan virtual assistent xidmət provayderlərindən biri ilə əməkdaşlıq edirik. Payworld təşkilatı ilə işləyirik. Auditoriya genişləndikcə, daha dayanıqlı və mürəkkəb bir struktur formalaşdıracağımıza inanırıq,” – deyə Tofiq Həsənov qeyd edib..
Xidmət Sandbox rejimi ilə tənzimlənir – əməliyyatlar şəffaf şəkildə həyata keçirilir
Direktorun sözlərinə görə Unicapital İnvestisiya Şirkəti tərəfindən kriptobrokerlik xidməti Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi Xüsusi tənzimləmə Rejimi-Sandbox çərçivəsində təqdim olunur. Rejimə uyğun olaraq, hər bir istifadəçi üçün aylıq əməliyyat limiti 1000 manat, ümumi risk limiti isə 5000 manat həcmində müəyyən olunub. Bu yanaşma yeni texnologiyaların sınaqdan keçirilməsinə imkan verir, eyni zamanda müştəri təhlükəsizliyini təmin edir.
Binance ilə əməkdaşlıq hazırda yoxdur, lakin texniki imkanlar mövcuddur
Həsənov qeyd edib ki, Unicapital İnvestisiya Şirkəti hələlik Binance platforması ilə əməkdaşlıq etmir. Lakin texniki baxımdan bu əməkdaşlıq mümkündür, sadəcə olaraq mövcud mərhələdə buna tələbat yoxdur.
“Azərbaycanda təkcə çoxtərəfli nəzarət mexanizmi tətbiq olunur və risklər demək olar ki, sıfıra endirilir. Biz bu sahədə nüfuzlu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirik” – deyə Unicapital İnvestisiya Şirkətiiin Direktoru vurğulayıb.
Müştəri vəsaitlərinin saxlanması – şəffaflıq və etibarlılıq prioritetdədir
Unicapital xarici kontragentlər qarşısında etibarlı tərəfdaş kimi tanınır. Bu status şirkətə müştəri hesablarındakı kapital bazarı alətlərinin müştərinin özünə məxsus aktiv kimi saxlamaq imkanı yaradır. Həsənov bildirib ki, Unicapital İnvestisiya Şirkəti müştəri vəsaitlərini ayrı-ayrılıqda, birbaşa müştərinin adına olan hesablarda saxlayır və bu vəsaitlər həm kontr agentlər, həm də requlyator (Azərbaycan Mərkəzi Bankı )tərəfindən həmin müştəriyə məxsus aktiv kimi tanınır.
“Azərbaycanda fəaliyyət göstərən brokerlərin əksəriyyətinin xarici kastodianlarda müştəri adına birbaşa hesab açması real deyil. Biz isə bu sahədə fərqlənərək, vasitəçilik deyil, həm də banklara, maliyyə institutlarına və son istifadəçilərə tam həll paketləri təqdim edən investisiya şirkəti olaraq çıxış edirik,” – deyə Həsənov əlavə edib.
Rəqəmsal həllərlə bağlı hədəf: UTrader yenilənir
Unicapital İnvestisiya Şirkəti hazırda özünün “UTrader” mobil tətbiqinin funksional imkanlarını genişləndirməyi müzakirə edir. Unicapital İnvestisiya Şirkəti müştərilərə 20-dən çox beynəlxalq birjaya birbaşa çıxış imkanı təqdim edir. Gələcəkdə “UTrader” mobil tətbiqinin daha istifadəçiyönümlü interfeyslə təqdim olunacağı planlaşdırılır.
Digər tərəfdən, Unicapital-ın xidmətlərindən faydalanan müştərilərin əksəriyyəti Leobank tətbiqi üzərindən investisiya əməliyyatlarını həyata keçirirlər ki, bu da şirkətin rəqəmsal inteqrasiya sahəsindəki çevikliyini və innovasiya qabiliyyətini göstərir.
Müəllif: Aynur Qəniyeva