Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinin elan olunması ilə bağlı keçirilən brifinqdə bildirib ki, dekabr ayında illik inflyasiya 4.9% təşkil etmişdir. Ərzaq inflyasiyası 5.5%, qeyri-ərzaq inflyasiyası 2.4%, xidmətlər üzrə inflyasiya isə 6.3% olmuşdur. Baza inflyasiyası isə 4.4% səviyyəsində qeydə alınmışdır.
GDP xəbər verir ki, Taleh Kazımovun sözlərinə görə, Azərbaycanda inflyasiyaya təsir edən bir sıra xarici və daxili amillər mövcuddur. Xarici amillərdən bəhs edərkən vurğulanıb ki, illik inflyasiya göstəricisi əsasən ticarət tərəfdaşlarının inflyasiya səviyyəsi ilə əlaqədardır. Belə ki, ticarət tərəfdaşlarının inflyasiyası illik əsasda ümumilikdə 4.41 faiz bəndi artırıcı təsir göstərmişdir. Bununla yanaşı, Azərbaycanın qeyri-neft ticarət tərəfdaşlarının 11 aylıq nəticələrinə əsasən ortaçəkili inflyasiya 11.9% təşkil etmişdir.
Dünya bazarlarında qiymətlərin dəyişkənliyi də inflyasiyaya təsir edən əsas xarici amillər sırasındadır. Dünya Bankının hesabatına əsasən, 2024-cü ilin sonunda əmtəə qiymətləri indeksi illik əsasda 0.7% artmış, enerji qiymətləri isə 7.9% yüksəlmişdir. Bundan əlavə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2024-cü ilin sonunda ərzaq qiymətləri 6-7% artmışdır.
Daxili amillər kontekstində Taleh Kazımov qeyd edib ki, dövlət və ev təsərrüfatlarının istehlakı inflyasiyaya 1.5% artırıcı təsir göstərmişdir. Tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri isə 0.6 faiz bəndi təşkil etmişdir. Kənd təsərrüfatı istehsalçılarının qiymətləri isə inflyasiyaya 3.75% artırıcı təsir göstərmişdir.
Bununla yanaşı, nominal effektiv məzənnənin illik əsasda 9% möhkəmlənməsi inflyasiyaya 2.21% azaldıcı təsir göstərmişdir. Digər daxili amillər isə ümumilikdə inflyasiyaya 3.61% azaldıcı təsir göstərmişdir.