Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bu gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisi (“Fintex Sammit”) çərçivəsində çıxış edərək, ölkədə Ani Ödənişlər Sisteminin inkişafı ilə bağlı son yenilikləri ictimaiyyətə açıqlayıb.
Vüsal Xəlilov bildirib ki, hazırda birbaşa bank hesabları üzərindən 24/7 rejimində ödənişlərin emalına imkan verən Ani Ödənişlər Sistemi üzərində işlər sürətlə davam etdirilir. Sistem həm əhatə dairəsi, həm də texniki dayanıqlılığı və funksionallığı baxımından genişləndirilir, nəticədə istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdim olunur.
AMB rəsmisi vurğulayıb ki, 2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin eyni dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra olunan əməliyyatların sayında 40%-dən çox artım qeydə alınıb. Bu isə rəqəmsal ödəniş ekosistemində istifadəçi marağının sürətlə artdığını göstərir.
“Biz artım dinamikasını yaxından izləyirik və gözləyirik ki, növbəti aylarda bu müsbət trayektoriya davam edəcək”, – deyə Xəlilov çıxışı zamanı qeyd edib.