Azərbaycanda elektron pul təşkilatları üçün hesab açılması qaydaları ilə bağlı yeni təkliflər irəli sürülüb.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Ödəniş xidmətləri və Ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi” şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev rəsmi sosial media hesabında yazıb.
Tağıyev bildirib ki, Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq eyniləşdirilən elektron pul üzrə heç bir limit nəzərdə tutulmayıb. Hal-hazırda elektron pula bağlı ödəniş hesabının açılması “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci maddəsinə əsasən həyata keçirilir.
Şöbə rəhbəri Türkiyə və bir sıra Avropa ölkələrinin təcrübəsinə istinadən bir sıra yeniliklərin tətbiqini təklif edib. Belə ki, KYC (müştərinin identifikasiyası) proseduru zamanı yalnız video çəkiliş tələb edilməsi, zərurət olduqda əlavə olaraq video zəng imkanının saxlanılması, həmçinin İBAN strukturlu hesabların tətbiqinin könüllülük prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Xəyaləddin Tağıyev hesab edir ki, bu cür yanaşma elektron pulun mahiyyətini qorumaqla yanaşı, hesab açılması prosedurlarını daha da sadələşdirə bilər. Bu məqsədlə bank hesabı qaydalarına müvafiq düzəlişlərin edilməsi zəruriliyi müzakirə edilməlidir.
Təklif olunan dəyişikliklər elektron pul təşkilatları üçün hesab açılması prosesini optimallaşdırmağa və beynəlxalq standartlara uyğunlaşdırmağa yönəldilib.

