Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Makroiqtisadi Dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda 2024-cü ilin yekunları üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə edilərək, tədbirlərin effektivliyinin artırılması istiqamətində yeni addımlar müəyyənləşdirilib.
İclasda iştirak edən Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupunun sədri Əliyar Məmmədyarov, strategiya istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib. İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov isə il ərzində görülən işlər və çağırışlarla bağlı ətraflı məlumat təqdim edib.
İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” çərçivəsində təsdiq edilmiş 15 tədbirin icrasına dair monitorinq və qiymətləndirmə nəticələri təqdim olunub. Həmçinin, tədbirlərin effektivliyinin artırılması məqsədilə işçi qrupunun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb.
İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.
İclasda qəbul edilmiş qərarlar və müəyyənləşdirilən növbəti addımlar, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcək.


