Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası onlayn formatda təşkil olunub.
İclasda 2025-ci il üzrə Fəaliyyət Planından irəli gələn tədbirlərin cari ilin birinci yarısında icrası barədə ətraflı məlumat təqdim olunub və müzakirələr aparılıb. Görüş iştirakçıları kiçik və orta sahibkarlığın maarifləndirilməsi və maliyyələşdirilməsi, bank, sığorta və kapital bazarlarının inkişafı, maliyyə savadlılığının və inklüzivliyin artırılması kimi istiqamətlərdə həyata keçirilmiş tədbirlər barədə məlumatlandırılıb.
Tədbir çərçivəsində həmçinin işçi qrupunun 22 may 2025-ci il tarixli iclasında qəbul olunmuş qərarların icra vəziyyətinə dair hesabat təqdim olunaraq müzakirə edilib.
İclas Mərkəzi Bank və Komissiyanın Katibliyinin sədarəti ilə keçirilib. Toplantıda İqtisadiyyat, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Ədliyyə nazirliklərinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Kredit Bürosunun nümayəndələri, eləcə də Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və özəl sektor təmsilçiləri iştirak edib.