Azərbaycan Respublikasında maliyyə xidmətləri istehlakçılarının hüquqlarının daha effektiv müdafiəsi məqsədilə müxtəlif assosiasiyalar nəzdində işçi qrupları təsis edilib.
GDP xəbər verir ki, bu qruplar Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək. İşçi qruplarının əsas vəzifəsi istehlakçı hüquqlarının qorunması sahəsində səmərəliliyin artırılması, pozulmuş hüquqların bərpası və mübahisələrin operativ və effektiv şəkildə həll edilməsinə töhfə verməkdir.
Məlumatına görə, 2025-ci il yanvar ayının 27-də işçi qruplarının və assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüş zamanı Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin cavablandırılması prosesində qanunvericiliyin tələblərinə riayət edilməsi, işçi qruplarının effektiv fəaliyyəti və bu sahədə görülmüş və planlaşdırılan işlər müzakirə edilib.
Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının qorunması istiqamətində irəli sürülən təkliflər səsləndirilib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Bu təşəbbüslər maliyyə bazarında şəffaflığın və istehlakçıların inamının artırılmasına xidmət edəcək.