Marriott International tərkibində fəaliyyət göstərən The Ritz-Carlton, Baku və JW Marriott Absheron Baku otelləri üzrə Marketinq üzrə klaster direktor vəzifəsinə Cavanşir Bayramov təyin edilib.
GDP xəbər verir ki, o, 2026-cı ilin yanvar ayından etibarən Marketinq üzrə klaster direktoru vəzifəsində hər iki flaqman otelin brend strategiyası, marketinq kommunikasiyaları, rəqəmsal performans, tərəfdaşlıqlar və kommersiya dəstəyi istiqamətlərinə rəhbərlik edəcək. Yeni vəzifəsində əsas fokus gəlirliliyin artırılması, beynəlxalq brend standartlarının qorunması və otellərin uzunmüddətli bazar mövqelərinin gücləndirilməsidir.
Cavanşir Bayramov bu təyinata qədər Azerbaijan Tourism Board-da 3 ildən artıq müddətdə rəhbər vəzifələrdə çalışıb. O, son olaraq qurumun Deputy CEO-su kimi İdarə Heyətinin qərarvermə proseslərində iştirak edib, iri miqyaslı layihələrin icrasına rəhbərlik edib, maliyyə və satınalma proseslərinə nəzarət edib, həmçinin yeni gəlir mənbələrinin formalaşdırılması istiqamətində fəaliyyət göstərib.
Eyni zamanda, beynəlxalq əməkdaşlıq, bazarların inkişafı və brend idarəçiliyi sahəsində geniş səlahiyyətlərə malik olan Bayramov Azərbaycanın turizm brendinin qlobal miqyasda mövqeləndirilməsi, prioritet və inkişaf edən bazarlarda marketinq strategiyalarının hazırlanması, MICE seqmentinin təşviqi, eləcə də B2C və B2B kommunikasiya kampaniyalarının icrasına rəhbərlik edib.
Peşəkar karyerası ərzində o, beynəlxalq media ilə əməkdaşlıq, iri kommunikasiya layihələrinin idarə olunması, dövlət və özəl sektor arasında əlaqələrin qurulması, eləcə də Avropa və beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə çalışaraq çoxşaxəli təcrübə qazanıb.

