Microsoft-un Süni İntellekt İqtisadiyyatı İnstitutu tərəfindən dərc edilmiş AI Diffusion Report (süni intellektin yayılma göstəricisi) qlobal miqyasda süni intellekt texnologiyalarının ölkələr üzrə yayılma səviyyəsini (AI Diffusion) ölçür. Hesabat süni intellektin təkcə mövcudluğunu deyil, onun real istifadə dərinliyini, iqtisadi və sosial proseslərə nüfuz səviyyəsini qiymətləndirir.
Bu reytinqə əsasən, Azərbaycan üzrə AI Diffusion (süni intellektin yayılma göstəricisi) 14,2% təşkil edir. Bu nəticə ölkəni regionda orta mövqedə, lakin inkişaf potensialı yüksək olan ölkələr qrupunda yerləşdirir.
Region ölkələri ilə müqayisə: Azərbaycan haradadır?
Hesabatın region üzrə məlumatları göstərir ki, Azərbaycan bir sıra ölkələri qabaqlasa da, bəzi qonşulardan geri qalır. Məsələn, Türkiyə (13,4%) və Qazaxıstan (12,7%) göstəricilərinə görə Azərbaycanı geridə qoyur. İran (14,3%) ilə isə demək olar ki, eyni səviyyədə qərarlaşıb.
Digər tərəfdən, Gürcüstanın 17,3%-lik göstəricisi regionda ən yüksək nəticələrdən biridir və Azərbaycanla müqayisədə təxminən 3 faiz bəndi fərq yaradır. Bu fərq əsasən Gürcüstanda rəqəmsal xidmətlərin daha geniş istifadəsi, internetə çıxışın yayğınlığı və kiçik biznes mühitində AI alətlərinin aktiv tətbiqi ilə izah olunur.
Ən zəif göstəricilər isə Ermənistanda (6,2%) və Rusiyada (7,6%) qeydə alınıb. Hesabata görə, bu ölkələrdə süni intellektin gündəlik istifadə səviyyəsinin aşağı ölçülməsi infrastruktur və platforma məhdudiyyətləri ilə bağlıdır.
14,2% nə deməkdir?
AI Diffusion göstəricisi bir ölkədə süni intellektdən istifadə edən insanların və təşkilatların payını əks etdirir. Azərbaycan üzrə 14,2% nəticə onu göstərir ki: süni intellekt texnologiyaları artıq mövcuddur və istifadə olunur,lakin bu istifadə hələ kütləvi və sistemli xarakter daşımır,AI əsasən məhdud istifadəçi və sektorlar çərçivəsində cəmlənib.
Microsoft-un yanaşmasına görə, AI-nin iqtisadi təsiri model istehsalından daha çox istifadə miqyası və yayılma dərinliyi ilə ölçülür. Bu baxımdan Azərbaycan üçün əsas çağırış texnologiyanın real sektor, dövlət idarəçiliyi və gündəlik həyatla daha sıx inteqrasiyasıdır.
Azərbaycan üçün əsas məhdudlaşdırıcı amillər
Hesabatda birbaşa Azərbaycanla bağlı ayrıca bölmə olmasa da, orta gəlirli ölkələr üçün xarakterik olan bir neçə əsas faktor ön plana çıxır:rəqəmsal bacarıqların qeyri-bərabərliyi,AI alətlərinin biznesdə məhdud tətbiqi,yerli dil və lokallaşdırılmış AI resurslarının azlığı,data mərkəzləri və hesablama gücünə çıxışın məhdud olması.
Bu amillər AI Diffusion səviyyəsinin daha sürətli artmasının qarşısını alan əsas struktur səbəblər kimi qiymətləndirilir.
Perspektiv: risk yox, fürsət pəncərəsi
Hesabatın ümumi mesajı ondan ibarətdir ki, süni intellekt tarixin ən sürətlə yayılan ümumi təyinatlı texnologiyasıdır. Bu isə o deməkdir ki, gec qoşulan ölkələr belə qısa müddətdə fərqi azaltmaq imkanına malikdir.
Azərbaycanın 14,2%-lik göstəricisi ölkənin regionda oyundan kənarda qalmadığını,lakin liderliyə iddia etmək üçün hələ ciddi addımlara ehtiyac olduğunu göstərir.
Dövlət xidmətlərində, maliyyə sektorunda, ticarətdə və təhsildə AI tətbiqlərinin genişləndirilməsi Azərbaycanın region üzrə mövqeyini qısa müddətdə gücləndirə biləcək əsas alətlərdən biri kimi dəyərləndirilir.
Microsoft-un AI Diffusion Report hesabatına əsasən, Azərbaycan süni intellektin yayılması baxımından nə geridə qalan, nə də lider ölkədir. Ölkə regionda orta mövqedə dayanır və bu mövqe həm risk, həm də fürsət yaradır. Növbəti mərhələdə əsas sual artıq texnologiyanın mövcudluğu deyil, onun iqtisadi və sosial dəyərə çevrilmə sürəti olacaq.
Müəllif: Aynur Qəniyeva

