ABŞ texnologiya nəhəngi Microsoft-un bazar kapitallaşması bir ticarət günü ərzində 400 milyard dollardan artıq dəyər itirib. Bu, tarixdə qeydə alınan ən böyük ikinci kapitallaşma azalması kimi qiymətləndirilir. Rekord həcmli eniş isə ötən il Nvidia şirkətində baş verib — həmin vaxt şirkətin dəyəri bir gündə 593 milyard dollar geriləmişdi. Bu düşüş DeepSeektərəfindən təqdim edilən daha ucuz süni intellekt modelindən sonra qeydə alınmışdı.
Son azalma həcmi S&P 500 indeksinə daxil olan şirkətlərin təxminən 96%-nin bazar dəyərindən daha böyükdür. Eyni zamanda, bu rəqəm Finlandiya, Vyetnam və Polşanın fond bazarlarının ümumi kapitallaşmasını da üstələyir.
Bazar dəyərindəki kəskin geriləmə Microsoft-un birja bağlandıqdan sonra açıqladığı maliyyə hesabatından sonra baş verib. Hesabatda bir neçə əsas amil investor narahatlığını artırıb:
-
Süni intellekt xərclərində rekord artım: şirkətin kapital xərcləri illik müqayisədə 66% yüksələrək 37,5 milyard dollara çatıb.
-
Bulud seqmentində artım tempinin zəifləməsi: əsas gəlir mənbələrindən olan Azure platformasında artım sürəti əvvəlki rüblə müqayisədə aşağı düşüb.
-
İnvestorların ehtiyatlı mövqeyi: bazarda böyük texnologiya şirkətlərinin süni intellekt sahəsinə yönəltdiyi çoxmilyardlı investisiyaların gəlirliliyi ilə bağlı şübhələr güclənib.
Analitiklər bildirir ki, yüksək investisiya xərcləri və artım tempində yavaşıma fonunda texnologiya sektorunda volatillik yaxın dövrdə də davam edə bilər.


