“PashaPay” şirkətinin məhsulu olan “Milliön” ödəmə sistemi 5000-ci terminalını işğaldan azad edilmiş Qarabağ bölgəsində quraşdırıb.
Şirkətdən GDP-yə verilən məlumata görə, hazırda fəaliyyət göstərən terminalların 60 faizi Azərbaycanın regionlarında, 40 faizi isə paytaxt Bakı və Abşeron yarımadasında yerləşir.
“Milliön” ödəmə sistemi hal-hazırda ölkə ərazisində 7 xidmət mərkəzi vasitəsilə fəaliyyət göstərir. Bu mərkəzlər Qəbələ, Naxçıvan, Lənkəran, Şirvan, Ağcabədi, Gəncə və Yevlax şəhərlərində yerləşir. Şirkətin 2025-ci il üçün inkişaf planlarına əsasən, Gəncə və Qubada daha iki yeni xidmət mərkəzinin açılması nəzərdə tutulur.
“PashaPay”ın təqdim etdiyi “Milliön” sistemi vasitəsilə vətəndaşlar 900 növ müxtəlif ödəniş xidmətlərindən yararlana bilərlər. Sistem hər ay milyonlarla insana xidmət göstərir.
Qeyd edək ki, Qarabağda quraşdırılan yeni terminal şirkətin işğaldan azad edilmiş ərazilərdə infrastruktur quruculuğuna verdiyi töhfənin növbəti nümunəsidir.