“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov aparıcı broker şirkətləri ilə əməkdaşlıq çərçivəsində bankın səhmlərinin investorlara daha əlçatan platformalar vasitəsilə təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, bu addım kapital bazarının inkişafı baxımından əhəmiyyətli mərhələdir.
“Əminəm ki, ‘PAŞA Bank’ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan bir addım kimi görürük”, – deyə Süleymanov qeyd edib.
IPO çərçivəsində bank səhmlərin 5%-ni investorlara təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk İlkin Kütləvi Təklif olacaq.
Səhm əldə etmək istəyən investorlar “PAŞA Bank”, “PAŞA Kapital”, “Birbank Invest”, “ABB Invest” və “Unicapital” platformaları vasitəsilə IPO-da iştirak edə biləcəklər.
Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ, kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi, həm ənənəvi, həm də rəqəmsal bank xidmətləri təqdim edir.

