Azərbaycanda təchizat zəncirinin maliyyələşdirilməsi kontekstində qanunvericilik və requlyativ baza hazırlanır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank fəaliyyətinə nəzarət departamentinin direktor müavini Müşviq Kərimov Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bununla bağlı bir sıra məhsullar – faktorinq, əks-faktorinq və forfeytinq mövcuddur.
“Sahibkarlar debitor borc sənədini yükləməklə digər təminatlar olmadan vəsait cəlb edə bilərlər. Bu istiqamətdə işlər görülür və hazırda digər dövlət qurumları ilə razılaşma mərhələsindədir. Qeyd olunan mexanizm qısa müddətdə maliyyə əlçatanlığını artıracaq, orta və uzun müddətdə isə maliyyələşmənin dəyərini azaldacaq”, – deyə AMB rəsmisi əlavə edib.
Bundan başqa, o deyib ki, son illər tənzimləyici qurum təchizat zəncirinin maliyyələşdirilməsi üzrə bir sıra təşəbbüslər irəli sürüb: “Bu təşəbbüslər İslam bankçılığının inkişafını, Kredit reytinq sisteminin yaradılmasını və digər məsələləri özündə ehtiva edir. Qeyd olunan təşəbbüslərin icrasında AMB bir sıra hədəflər müəyyən edir. Bu hədəflərin ən əsası maliyyə əlçatanlığının artırılması, vəsaitlərin dəyərinin aşağı salınmasıdır. Bu işlərin səmərəli görülməsi məqsədilə AMB iki istiqamətdə işlərin görülməsini nəzərdə tutur. Həmin qeyd olunan maliyyə mənbələrinin, maliyyə məhsullarının sayının artırılması, bunun üçün normativ və qanunvericilik bazasının yaradılması və digər dövlət qurumları ilə inteqrasiya, eləcə də rəqəmsallaşma hesabına transparantlığın artırılması planlaşdırılır”.

