Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan “Davamlı Aqro-Ekosistemalar üçün İnnovasiya, Regenerativ kənd təsərrüfatı və Rəqəmsallaşdırma” mövzusunda İtaliya–Orta Asiya (C5)–Azərbaycan Forumunda iştirak edib.
GDP xəbər verir ki, nazir forumda çıxışı zamanı tədbirdə iştirakdan məmnunluq duyduğunu bildirib. O, mövcud siyasi əlaqələr və geniş iqtisadi imkanların iştirakçı ölkələr arasında əhəmiyyətli və davamlı nəticələrin əldə olunması üçün möhkəm zəmin yaratdığını vurğulayıb.
Məcnun Məmmədov qeyd edib ki, əsas məqsəd qabaqcıl ölkələrin ən yaxşı təcrübələrinin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi və bu sahədə beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsidir. Nazir rəqəmsallaşdırma, iqlimə uyğunlaşma və ağıllı kənd təsərrüfatı kimi mürəkkəb və çoxşaxəli məsələlərin ayrı-ayrı ölkələr tərəfindən müstəqil şəkildə həllinin mümkün olmadığını diqqətə çatdırıb.
Bu baxımdan, nazir kənd təsərrüfatı diplomatiyasının inkişaf etdirilməsinin və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, forumda İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində innovasiyalar, davamlı inkişaf və rəqəmsal transformasiya istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.


