Rəqəmsal fırıldaqçılıq hallarının böyük əksəriyyəti vətəndaşların psixoloji cəhətdən manipulyasiya edilməsi yolu ilə həyata keçirilir.
Bu məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, banklar və finteklərdən ibarət ekspert qrupu yaxın gələcəkdə genişləndirilməsi nəzərdə tutulan pilot layihə üzərində işləyir.
Cuvarovun sözlərinə görə, Daxili İşlər Nazirliyinə daxil olan şikayətlər əsasında təhlil göstərir ki, fırıldaqçılığın üç əsas növü var və onların təxminən 80-90%-i “müştərinin manipulyasiya olunması” kateqoriyasına aid edilir. Bu, həmçinin sosial mühəndislik adlanır.
Mütəxəssis fırıldaqçılığın əsas kateqoriyalarını belə izah edib:
-
Qeyri-selahiyyətli əməliyyatlar: Müştəri öz məlumatlarını üçüncü şəxsə verir, lakin əməliyyatı həmin şəxs icra edir.
-
Müştəri manipulyasiyası (sosial mühəndislik): Müştəri özünü bank və ya polis işçisi kimi təqdim edən şəxsdən gələn zəngə aldanaraq, onun göstərişləri ilə öz mobil tətbiqindən və ya elektron cüzdanından, öz SİMA (biometrik) məlumatları ilə köçürmə edir.
-
Müştərinin fırıldaqçılıq sxeminin bir hissəsi olması: Müştərinin öz ödəniş vasitələrini qanunsuz fəaliyyət məqsədilə istifadə etmək üçün üçüncü şəxslərə verməsi.

