İqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın sədri Taleh Kazımovla keçirilən görüş barədə məlumat verib. 4 saata yaxın davam edən görüşdə bir sıra aktual məsələlər müzakirə olunub.
GDP xəbər verir ki, Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bank rəhbəri 2025-ci il üçün dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 70 dollar səviyyəsində proqnozlaşdırılması ilə bağlı narahatlıqlara münasibət bildirib. Taleh Kazımov vurğulayıb ki, risklər idarəolunandır və devalvasiya təhlükəsi minimum səviyyədədir.
Görüşdə həmçinin aqrar məhsul ixracatçılarının qarşılaşdığı problemlər də müzakirə edilib. MB rəhbəri bildirib ki, məsələ dövlət başçısı səviyyəsində müzakirə olunub və 2024-cü ildən yeni yanaşma tətbiq ediləcək. Yeni qaydaya əsasən, ciddi araşdırma aparılmadan heç bir sahibkar barəsində hüquqi tədbir görülməyəcək.
Natiq Cəfərli qeyd edib ki, görüşdə vətəndaşların bank tətbiqləri vasitəsilə qiymətli kağızlar bazarında həyata keçirdiyi əməliyyatların vergiyə cəlb edilməsi məsələsi də qaldırılıb. Hazırda bu sahədə mövcud olan boşluqlar narahatlıq doğurur.
İqtisadçı əlavə edib ki, Mərkəzi Bank mütəmadi olaraq ekspertlərlə görüşlər keçirir, onların fikirlərini dinləyir və tənqidi yanaşmaları nəzərə alır.