Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 Liderlər Sammiti çərçivəsində keçirilən “Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi” mövzusunda panel müzakirədə çıxış edib.
GDP xəbər verir ki, Nazir çıxışında yalnız hökumətlərin və çoxtərəfli təşkilatların deyil, özəl sektorun da iqlim hədəflərinə çatmaqda əhəmiyyətli rol oynadığını vurğulayıb. “Özəl sektor bu prosesin ayrılmaz bir hissəsidir və onların aktiv iştirakı olmadan dayanıqlı nəticələrə nail olmaq çətindir,” deyə Cabbarov qeyd edib.
Nazir, sammitin ilk iki günündə əldə olunan erkən uğurlardan bəhs edərək, əsas nailiyyətlərdən birinin karbon bazarlarının fəaliyyətində vacib yer tutan və uzun müddət həll olunmamış qalan 6.4-cü maddə ilə bağlı olduğunu bildirib. “Bu maddənin reallaşması, karbon bazarlarının inkişafı üçün əhəmiyyətlidir və artıq real addımlar atılmaqdadır,” deyə o əlavə edib. Cabbarov həmçinin bankların iddialarını artırmalarını və onların birgə bəyanatlarını müsbət addım kimi qiymətləndirərək alqışlayıb.
Azərbaycan hökumətinin iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə özəl sektorla əməkdaşlıq istiqamətində atdığı addımlar, nazirin sözlərinə görə, Azərbaycanın davamlı və inklüziv iqtisadi inkişafını dəstəkləməyə yönəlmişdir.