Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) İtaliyanın yüksək sürətli dəmir yolu operatoru “Italo” şirkətinə 34,5 milyon avro həcmində investisiya yatırıb.
GDP xəbər verir ki, İnvestisiya “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan fond vasitəsilə həyata keçirilib.
2012-ci ildə təsis edilmiş “Italo” İtaliyanın ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatorudur. Şirkət hazırda “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə ölkənin 54 şəhərini birləşdirən marşrutlarda, o cümlədən Milan-Roma dəhlizində xidmət göstərir. Qatarlar saatda 360 kilometrə qədər sürət yığa bilir.
2024-cü ildə “MSC” şirkəti “Italo”nun təxminən 50 faiz səhmini “GIP”dən alıb. Qalan 50 faiz isə “GIP”, müştərək investorlar və ARDNF-nin də daxil olduğu “GIP” tərəfindən idarə olunan fondlara məxsusdur.
Dayanıqlı mobillik həllərinə artan tələbat fonunda “Italo” böyük artım potensialına malikdir. Bu investisiya ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi strategiyasının bir hissəsi olmaqla, dayanıqlı infrastruktur aktivlərinə uzunmüddətli sərmayə yatırımı məqsədi daşıyır.