Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 27-30 oktyabr tarixlərində Çinin paytaxtı Pekində “Financial Street Forum 2025” beynəlxalq konfransında iştirak edib.
Forum çərçivəsində Çin İnvestisiya Korporasiyası tərəfindən təşkil olunan “Gələcəyə doğru innovasiya: Yeni sərhədlərarası investisiya ekosisteminin formalaşdırılması” mövzusunda paralel sessiya keçirilib. Bu sessiyada spiker kimi çıxış edən Fərhad Zeynalov ARDNF-nin fəaliyyəti və investisiya strategiyası ilə bağlı mühüm məsələlərə toxunub.
Çıxışı zamanı o, suveren sərvət fondlarının texnoloji tərəqqi və sənaye inkişafını dəstəkləyən sahələrə uzunmüddətli kapital qoyuluşlarının dayanıqlı iqtisadi artımın təminatında əhəmiyyətli rol oynadığını bildirib. Zeynalov həmçinin, ARDNF-nin institusional əməkdaşlığın gücləndirilməsinə, məsuliyyətli investisiya yanaşmalarının inkişaf etdirilməsinə və dayanıqlı iqtisadi inkişafa töhfə verən qlobal tərəfdaşlıqların təşviqinə verdiyi xüsusi əhəmiyyəti vurğulayıb.
Tədbir dünyanın müxtəlif ölkələrindən maliyyə və investisiya sahəsinin nüfuzlu nümayəndələrini birləşdirdi. Forum iqtisadi inkişaf, maliyyə sabitliyi və beynəlxalq investisiya perspektivləri kimi aktual mövzuların müzakirəsi üçün platforma rolunu oynayıb.


