Yaponiyanın məşhur avtomobil istehsalçısı Nissan şirkəti genişmiqyaslı işçi azaldılması planını həyata keçirməyə hazırlaşır.
GDP xəbər verir ki,NHK telekanalının etibarlı mənbələrə istinad edərək verdiyi məlumata görə, şirkət ümumi işçi qrupunun 15%-ni təşkil edən təxminən 20 min nəfəri işdən çıxaracaq.
Bu, şirkətin son aylarda həyata keçirdiyi ikinci böyük işçi azaldılmasıdır. Xatırladaq ki, keçən il noyabr ayında Nissan artıq 9 min işçinin işdən çıxarılacağını elan etmişdi. Yeni qərar çərçivəsində isə əlavə 11 min nəfər daha işdən çıxarılacaq.
Şirkət nümayəndələri Bloomberg agentliyinin bu barədə rəsmi şərh sorğusuna cavab verməkdən imtina ediblər.
Nissanın bu qərarı şirkətin ağır maliyyə vəziyyəti ilə bağlıdır. Daha əvvəl şirkət tərəfindən açıqlanan proqnoza görə, mart ayında başa çatan keçən maliyyə ili üzrə itkilər 750 milyard yen (təxminən 5,1 milyard ABŞ dolları) həddinə çata bilər.