Süni intellekt sahəsində lider olan Nvidia şirkəti Dow Jones Sənaye İndeksində Intel-i əvəz edəcək. Bu dəyişiklik noyabrın 8-də qüvvəyə minəcək.
GDP xəbər verir ki, 2024-cü ilin əvvəlindən bəri səhmləri 170% artan Nvidia-nın bazar dəyəri 3,3 trilyon dollara çataraq, Apple-dan sonra dünyanın ən dəyərli ikinci şirkəti olub.
Microsoft, Meta, Google və Amazon kimi texnologiya nəhəngləri süni intellekt layihələri üçün Nvidia-nın qrafik prosessorlarını böyük həcmdə alırlar. Son beş rübdə şirkətin gəlirləri iki dəfədən çox artıb.
Intel isə Advanced Micro Devices qarşısında bazar payını itirib və süni intellekt sahəsində ciddi irəliləyiş əldə edə bilməyib. Şirkət bu il 16,500 işçinin ixtisara salınacağını açıqlayıb.
Bu dəyişikliklə, trilyon dollarlıq texnologiya şirkətlərindən dördü artıq Dow Jones İndeksində təmsil olunacaq.