Bakı Fond Birjası (BFB) yaxın günlərdə bazar iştirakçılarına interaktiv statistik həll təqdim edəcək. Bu yenilik treyderlərə, analitiklərə və data mütəxəssislərinə bazar göstəricilərini daha dərindən təhlil etmək, məlumatları real vaxtda izləmək və qərarvermə prosesini optimallaşdırmaq imkanı yaradacaq.
GDP xəbər verir ki, bunu BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, yenilənmiş veb-səhifədə istifadəyə verilən “Bazara baxış” bölməsi vətəndaşlara və investorlara bazarda bu gün ticarətdə olan qiymətli kağızlar, mövcud istiqrazlar və ümumi bazar seqmentləri barədə operativ məlumat təqdim edir.
Qasımov qeyd edib ki, təqdim olunacaq yeni analitik həllər bazar iştirakçılarının məlumatlara daha rahat çıxışını təmin etməklə yanaşı, bazarın şəffaflığını və səmərəliliyini artıracaq.

