Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda keçirilən konfransda çıxış edib.
GDP xəbər verir ki, çıxışında suverenliyin tam bərpasının iqtisadi fəallığın genişlənməsinə, investisiya mühitinin daha aydınlaşmasına və sahibkarlıq təşəbbüslərinin ön plana çıxmasına şərait yaratdığını vurğulayan Məmmədov, dövlətin ardıcıl siyasəti nəticəsində ölkənin iqtisadi inkişafın yeni mərhələsinə daxil olduğunu bildirib. O, bu mərhələni “ideyalar deyil, konkret qərarlar, planlı icraat və real iqtisadi fəaliyyət mərhələsi” kimi qiymətləndirib.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin iqtisadi həyatın formalaşmasına zəmin yaratdığını ifadə edən Məmmədov, burada infrastrukturun, yaşayış məntəqələrinin, enerji və nəqliyyat şəbəkələrinin qurulmasının biznes üçün aydın və proqnozlaşdırılan mühit yaratdığını qeyd edib.
“Sahibkar artıq bu ərazilərə biznes imkanları prizmasından baxır”
KOBİA sədri Prezident tərəfindən imzalanan İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə II Dövlət Proqramının bərpa işlərinin daha sistemli aparılmasına, iqtisadi fəaliyyətin mərhələli qurulmasına və özəl sektorun bu prosesə daha geniş cəlb olunmasına imkan verəcəyini vurğulayıb. O, Agentliyə bu regionlarla bağlı minlərlə müraciət daxil olduğunu qeyd edərək, bunun sahibkarların marağının yüksək olduğunu göstərdiyini bildirib.
“Regional forumlar və səfərlər praktiki nəticələr verir”
Məmmədov Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının praktiki təzahürü kimi, KOBİA-nın təşkilatçılığı ilə Türkiyənin Qars regionunda və Naxçıvanda keçirilən regional forumlardan, həmçinin Türkiyə nümayəndə heyətinin Qarabağa təşkil olunan səfərindən bəhs edib. Bu tədbirlərin investisiya imkanlarının yerində nümayiş etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Konfransın əsas dəyərinin ümumi müzakirələrlə yanaşı, konkret istiqamətlər və real imkanların təqdim olunmasında olduğunu deyən Məmmədov, panel müzakirələrində işğaldan azad olunmuş ərazilərdə biznes və investisiya imkanlarının, özəl sektorun rolu və tərəfdaşlıq mexanizmlərinin ətraflı şəkildə müzakirə ediləcəyini ifadə edib. O, bu müzakirələrin sahibkarlar üçün aydın yol xəritəsinin formalaşmasına kömək edəcəyinə inandığını bildirib.

