Dövlət Vergi Xidməti tərəfindən 2025-ci il üzrə açıqlanan məlumatlara əsasən, Azərbaycanda ən çox vergi ödəyən banklar arasında lider mövqedə“Kapital Bank” ASC -dir.
Bankın dövlət büdcəsinə ödədiyi vergi məbləği 131,9 milyon manat təşkil edib. Ondan sonra ikinci yerdə “Azərbaycan Beynəlxalq Bankı” ASC qərarlaşıb və bu bank üzrə vergi ödənişləri 123,5 milyon manat olub.
Siyahıda növbəti pillələrdə digər iri maliyyə institutları yer alır. Belə ki, “Paşa Bank” ASC 78,7 milyon manat vergi ödəyərək üçüncü sırada qərarlaşıb. “Bank Respublika” ASC 32,1 milyon manat, “Unibank” ASC isə 30,6 milyon manat vergi ödənişi ilə siyahıda öz mövqelərini qoruyublar. Eyni zamanda, “Xalq Bank” ASC 28,1 milyon manat, “AccessBank” QSC isə 27,6 milyon manat həcmində vergi ödəyib.
Daha aşağı pillələrdə yerləşən banklar arasında “Azər-Türk Bank” ASC-nin 16,4 milyon manat, “Yelo Bank” ASC və “Bank of Baku” ASC-nin isə hər birinin 15,0 milyon manat vergi ödənişi qeydə alınıb.
Ümumilikdə, təqdim olunan göstəricilər bank sektorunun dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynadığını bir daha təsdiqləyir. Xüsusilə iri bankların yüksək vergi ödənişləri maliyyə sektorunun sabitliyini və iqtisadi aktivliyini əks etdirən əsas göstəricilərdən biri kimi çıxış edir.


