“PAŞA Bank” ASC-nin mobil tətbiqində istifadəçilər üçün AÖS ilə köçürmə etmək imkanı yaradılıb.
GDP Azərbaycan Respublikasının Mərkəzi bankına istinadən xəbər verir ki, sözügedən funksionallığın yaradılması nəticəsində “PAŞA Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olub.
Eyni zamanda, mobil tətbiq vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “PAŞA Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı ilə köçürmələr qəbul edə biləcəklər.
Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.