“PAŞA Bank” İdarə Heyətinin sədri müavini Bəhruz Nağıyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə (BCAW2025) etdiyi çıxışında bankın iqlim dəyişikliyi risklərini idarəetmə mexanizmləri barədə məlumat verib.
“İndi biz iqlim risklərini nəzərə alaraq fəaliyyət göstəririk. İqlim risklərini nəzərə alaraq öz kredit sistemimizin inteqrasiyasını həyata keçiririk. Bununla bağlı bizim xüsusi modelləşməmiz var. Və bu modelləşmə əsasında kreditlərin iqlim risklərinə təsirlərini hesablayırıq,” – deyə Nağıyev bildirib.
Bank nümayəndəsi qeyd etdi ki, hazırda PAŞA Bank-da bu yanaşma daxili tələb kimi formalaşıb. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının da bütün sənaye üçün oxşar tələbləri mövcuddur.
Nağıyev enerji keçidi mövzusuna da toxunarak bildirib:
“İnkar etmək olmaz ki, bizim ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngindir. Bu bizim milli sərvətimiz sayılır. Bizim yaşıl enerjiyə keçidimiz balanslı şəkildə həyata keçirilməlidir. Maliyyə qurumları bu keçiddə imkan yaratmalı, prosesi asanlaşdırmalıdırlar.”
Çıxışında bankın ənənəvi enerji resursları ilə yaşıl enerjiyə keçid arasında tarazlıq qurmaq strategiyasını vurğulayan Nağıyev, PAŞA Bank-ın bu istiqamətdə maliyyə institutu kimi öhdəliklərinin olduğunu ifadə edib.